Stolüstü tennisçimiz bürünc medal qazanıb

Stolüstü tennisçi Onur Quluzadə daha bir beynəlxalq yarışın mükafatını qazanıb. Söhbət Lüksemburqda keçirilən “WTT Youth Contender” turnirindən gedir. İlkin mərhələdə Almaniya, Fransa, Lüksemburq və Monqolustan təmsilçilərinə qalib gələn yeniyetmə idmançı qrup səddini lider kimi adlayıb. 1/8 finalda isveçli, 1/4 finalda isə fransalı rəqibini də mübarizədən kənarlaşdıran stolüstü tennisçimiz yarımfinalda digər fransalı rəqibinə 2-3 hesabı ilə uduzaraq turnirin bürünc medalına layiq görülüb. Qeyd edək ki, bu, Onur Quluzadənin cari mövsümdə beynəlxalq yarışlarda qazandığı 5-ci mükafatdır.

Stolüstü tennisçilər beynəlxalq yarışda fəxri kürsüyə qalxıblar

15 yaşadək stolüstü tennisçilərdən ibarət seçmə komandamız Türkiyədə keçirilən beynəlxalq yarışın mükafatına layiq görulüblər. Banu Baytallı və Şəbnəm Mansurovadan ibarət heyət məşqçi Zakir Cavadovun rəhbərliyi ilə Balıkesir şəhərində təşkil olunan “Türk Dövlətləri” beynəlxalq yarışında fəxri kürsünün üçüncü pilləsinə qalxıb. Qazaxıstan seçməsi birinci, Türkiyə millisi ikinci yeri tutub. Qeyd edək ki, sözügedən turnirdə Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Şimali Kipr idmançıları iştirak ediblər.

Stolüstü tennisçilər Türkiyəyə yollanıblar

15 yaşadək stolüstü tennisçilərdən ibarət seçmə komandamız bu gün Türkiyəyə yola düşüb. Tunar Bağırov, Şakir Qədirov, Banu Baytallı və Şəbnəm Mansurovadan ibarət heyət məşqçi Zakir Cavadovun rəhbərliyi ilə Balıkesir şəhərində təşkil olunacaq “Türk Dövlətləri” beynəlxalq təlim-məşq toplanışı və dostluq yarışında iştirak edəcək. Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Şimali Kipr idmançılarının qatılacağı təlim-məşq toplanışı və yarışı 11-17 aprel tarixlərində keçiriləcək.

Stolüstü tennis üzrə seçmə komandanın üzvləri “İdman ustası” adına layiq görülüblər

Stolüstü tennisçilərimizin həm ölkədaxili, həm də, beynəlxalq yarışlardakı uğurlu çıxışları diqqətdən kənarda qalmır. Bu gün seçmə komandanın daha iki üzvünə “İdman ustası” dərəcəsi təqdim olunub. Gənclər və idman nazirliyinin təşkil etdiyi tədbirdə stolüstü tennisçilər Adil Əhmədzadə və Mərziyyə Nurmətova da bu ada layiq görülüb. Qeyd edək ki, hər iki idmançı Azərbaycan çempionu və dəfələrlə beynəlxalq yarışların qalib və mükafatçılarıdır.
AGİN-in ənənəvi tədbirinə mart ayında Türkiyədə təşkil olunan “Avropa Gənclər Seriyası 2024” yarışında 10 medal qazanan seçmə komandamızın üzvləri də dəvət olunublar. Xatırladaq ki, həmin yarışda stolüstü tennisçilərimiz 1 qızıl, 2 gümüş, 7 bürünc medal qazanmışdılar.

Onur Quluzadə beynəlxalq təlim-məşq toplanışında

Stolüstü tennisçimiz Onur Quluzadə daha bir beynəlxalq təlim-məşq toplanışına qatılıb. O, milli komandanın baş məşqçisi Mixail Timofeyevin rəhbərliyi ilə “China Table Tennis College Europe” qurumunun aprelin 8-dən 15-dək Lüksemburqda keçirdiyi hazırlıq prosesində iştirak edəcək. Təlim-məşq toplanışına dünya səviyyəli çinli məşqçilər - 4 qat Olimpiya çempionu Zhanq Yinqyinqlə digər Olimpiya çempionu Yanq Sen rəhbərlik edəcək. İstedadlı idmançı ardınca 17-20 aprel tarixlərində Lüksemburqda keçiriləcək “WTT Youth Contender” turnirində bacarığını göstərəcək.

Stolüstü tennis üzrə ölkə çempionları müəyyənləşib

Bu gün stolüstü tennis üzrə Azərbaycan çempionatına yekun vurulub. Aprelin 5-də “Şüa” idman kompleksində start verilən yarışın son günündə 3 növdə qalib və mükafatçılar müəyyənləşib.
Qadınların şəxsi yarışında Mərziyyə Nurmətova çempion olub. O, finalda Aylin Əsgərovaya qalib gəlib. Ləman Abdulhəmidova ilə Yağmur Məmmədli 3-cü yeri tutub.
Kişilərin final görüşündə Nihad Məmmədovu məğlub edən Hilal Həsənov çempion adına layiq görülüb. Xəyal Həşimli ilə Vəzir Allahverdiyev fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Qadınların qoşa yarışında Ləman Abdulhəmidova ilə Zemfira Mikayılova qələbə qazanıb. Onlar finalda Mərziyyə Nurmətova – Arzu Aslanova tandemini üstələyiblər. Məryəm İmanova - Xədicə Əbilzadə və Yağmur Məmmədli – Xədicə Eylazova cütü üçüncü pillədə qərarlaşıb.
Kişilərin qoşa mübarizəsi Hilal Həsənovla Rüstəm Hacılının qələbəsi ilə nəticələnib. Nihad Məmmədovla Vəzir Allahverdiyev gümüş, Əliverdi Şahgəldiyevlə Adil Əhmədzadə, Tunar Bağırovla isə Şakir Qədirov bürünc medala layiq görülüb.
Qarışıq qoşa yarışlarından Nihad Məmmədov – Ləman Abdulhəmidova tandemi qalib ayrılıb.
Əliverdi Şahgəldiyevlə Mərziyyə Nurmətova ikinci, Rüstəm Hacılı ilə Aylin Əsgərova və Adil Əhmədzadə ilə Məryəm İmanova üçüncü yeri tutub.
Xatırladaq ki, çempionatın ilk günündə komanda yarışlarının qalib və mükafatçıları müəyyənləşib. Kişilərin mübarizəsi “Bakı-1” kollektivinin qələbəsi ilə yekunlaşıb. “Bakı-3” ikinci, “Bakı-2” və “Şabran” komandaları üçüncü yeri tutub.
Qadınların yarışında “Sumqayıt-1” qələbə qazanıb. “Bakı-1” ikinci, “Bakı-2” ilə “Sumqayıt-2” üçüncü pillədə qərarlaşıb.
Ölkə çempionatında fərqlənən idmançılara Azərbaycan Gənclər və İdman Nazirliyinin medal və diplomları, Azərbaycan Stolüstü Tennis Federasiyasının mükafatları təqdim olunub.
Həmçinin, mart ayında Türkiyədə keçirilən “Avropa Gənclər Seriyası 2024” yarışında 10 medal qazanan seçmə komandamızın üzvləri də ASTF tərəfindən mükafatlandırılıb.

Stolüstü tennis üzrə ölkə çempionatına start verilib

Bu gün stolüstü tennis üzrə Azərbaycan çempionatında mübarizə başlanıb. “Şüa” idman kompleksində keçirilən yarışa
respublikanın müxtəlif şəhər və rayonlarını təmsil edən idmançılar qatılıblar. Stolüstü tennisçilər 4 gün davam edəcək çempionatda komanda, şəxsi, qoşa və qarışıq qoşa növlərində mübarizə aparacaqlar. Çempionatın ilk günündə komanda yarışlarının qalibləri müəyyənləşib. Kişilərin mübarizəsi “Bakı-1” kollektivinin qələbəsi ilə yekunlaşıb. “Bakı-3” ikinci, “Bakı-2” və “Şabran” komandaları üçüncü yeri tutub.
Qadınların yarışında “Sumqayıt-1” qələbə qazanıb. “Bakı-1” ikinci, “Bakı-2” ilə “Sumqayıt-2” üçüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, ölkə çempionatında fərqlənən idmançılara Azərbaycan Gənclər və İdman Nazirliyinin medal və diplomları, həmçinin, Azərbaycan Stolüstü Tennis Federasiyasının mükafatları təqdim olunacaq. Azərbaycan çempionatına aprelin 8-də yekun vurulacaq.

Stolüstü tennisçilərimiz növbəti beynəlxalq təlim-məşq toplanışında

Stolüstü tennisçilərimiz növbəti beynəlxalq təlim-məşq toplanışına qatılıblar. Seçmə komandamız bu məqsədlə Türkiyənin paytaxtı Ankaraya yollanıb. Baş məşqçi Fərhad İsmayılovun rəhbərliyi ilə Vəzir Allahverdiyev, Nihat Məmmədov, Adil Əhmədzadə, Rüstəm Hacılı, Hüseyn Eylazov, Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Xədicə Əbilzadə, Arzu Aslanova, Mərziyyə Nurmətova, Yağmur Məmmədli və Aylin Əsgərova bu gündən aprelin 1-dək toplanışda olacaq. Hazırlıq prosesi Türkiyə seçmə komandası ilə birgə keçiriləcək. Qeyd edək ki, daha bir stolüstü tennisçimiz Onur Quluzadə hazırda Çin Xalq Respublikasında təlim-məşq toplanışındadır.

       
       
 mok AZE  ittf ettu2 
       
       

Copyright © Azərbaycan Stolüstü Tennis Federasiyası