Stolüstü tennis üzrə ölkə çempionatına start verilib
- Nəşr edilib 05.04.2024 17:13

Bu gün stolüstü tennis üzrə Azərbaycan çempionatında mübarizə başlanıb. “Şüa” idman kompleksində keçirilən yarışa
respublikanın müxtəlif şəhər və rayonlarını təmsil edən idmançılar qatılıblar. Stolüstü tennisçilər 4 gün davam edəcək çempionatda komanda, şəxsi, qoşa və qarışıq qoşa növlərində mübarizə aparacaqlar. Çempionatın ilk günündə komanda yarışlarının qalibləri müəyyənləşib. Kişilərin mübarizəsi “Bakı-1” kollektivinin qələbəsi ilə yekunlaşıb. “Bakı-3” ikinci, “Bakı-2” və “Şabran” komandaları üçüncü yeri tutub.
Qadınların yarışında “Sumqayıt-1” qələbə qazanıb. “Bakı-1” ikinci, “Bakı-2” ilə “Sumqayıt-2” üçüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, ölkə çempionatında fərqlənən idmançılara Azərbaycan Gənclər və İdman Nazirliyinin medal və diplomları, həmçinin, Azərbaycan Stolüstü Tennis Federasiyasının mükafatları təqdim olunacaq. Azərbaycan çempionatına aprelin 8-də yekun vurulacaq.













